OTAQ

SEÇ

Heydər Əliyev Park-Kompleksi


Ümumi sahəsi 450 ha olan park-kompleksdə uşaqdan böyüyə hər kəsin istirahəti üçün maraqlı əyləncələr var. Gəzintiyə çıxmaq, piknik etmək, müxtəlif atraksionlarda əylənmək və hətta yay mövsümündə at sürmək kimi bir-birindən fərqli fəaliyyət növləri parka üz tutanların marağına səbəb olur. Uzunluğu 2 km-dən çox olan parkın girişində inşa edilmiş möhtəşəm “Zəfər Tağı”nın 35 m hündürlüyündəki meydançasından ətrafı seyr edə bilərsiniz. Parkda yaradılmış süni göl, hər addımda rast gəlinən gül-çiçək kolları və nadir çinar ağacları parkda gəzintiyə çıxanların zövqünü oxşayacaq. Park-kompleksin dörd bir yanını bürüyən bitki aləmi sayəsində bura sosial şəbəkələrdə maraqlı şəkillər paylaşmaq istəyənlərin sevimli məkanına çevrilib. Uşaqlar süni göldə dekorativ balıqları müşahidə etmək və onları yemləməklə maraqlı və əyləncə anlar yaşaya bilərlər. Heydər Əliyev park-komlpeksində fəaliyyət göstərən “Gəncland” istirahət və əyləncə mərkəzindəki atraksionlar isə tək uşaqların deyil, həm də böyüklərin marağına səbəb olacaq. Burada olarkən amfiteatrda təşkil olunan tədbirlərin, konsertlərin tamaşaçısı da ola bilərsiniz. 7 km uzunluğunda olan velosiped yolu isə velosiped sürmək istəyənlərin ixtiyarındadır.