OTAQ

SEÇ

Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi


Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu,usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə,Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi,1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur. Qalanın sağ hissəsindəki papiruslardan birində Gəncənin Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxt şəhəri olması, digərində isə Milli Qurtuluş hərəkatının Gəncədən başlaması göstərilmişdir. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılmışdır.